Düpyüitren kontrakturası əl pəncəsi vətərlərinin ağrısız çapıqlaşma və qısalması olub, əl barmaqlarının funksiyalarının itirilməsi və deformasiyası ilə müşayiət olunan xəstəlikdir.Xəstəlik ən çox kişilərdə, 45 yaşından sonra meydana çıxır. Səbəblərdən biri kimi genetik meyliliyi göstərmək olar. Xroniki travmatizasiya, barmaqlarda qidalanma pozğunluğu risk faktorlarına daxildir. Dəqiq səbəbləri hələ də məlum deyil.
Simptomlar:
- Ovucda düyünlər və qalınlaşmalar
- Dəri altında sallanmalar əmələ gəlir və onlar tədricən qalınlaşır
- Ağırlaşmış barmaqlar qatlanmır
- İrəliləmiş mərhələdə barmaqlarda hissiyyat itmiş olur
Xəstəlik tədricən inkişaf edir və bir neçə mərhələdən ibarətdir:
İlk mərhələdə barmaqların içəri səthində düyün və sallanmalar yaranır, barmaqların hərəkətliliyi normal olur. İkinci mərhələdə barmaqlar yaranmış sallanmalara görə dartılır və oynaqlarda 90 dərəcə bucaq altında bükülür. Üçüncü mərhələdə barmaqlar 90 dərəcədən artıq bükülmüş olur, hərəkəti çox çətinləşir, barmaqların hissiyatı azalmış olur. Dəri çatlayaraq perqamentə bənzəyir.
Proqnoz: müalicəsiz xəstəlik inkişaf edir. Bir və ikinci mərhələlərdə cərrahi müalicə ilə barmaqların funksiyasını tam bərpa etmək olur.
Diaqnostika həkim-ortopedin müayinəsi və əl pəncəsinin rentgenoqrammasına əsasən qoyulur. Müalicə ilə ortoped-cərrah məşğul olur. Erkən mərhələlərdə aparılan cərrahi əməliyyat oynaqların tam bərpa olunmasına şans yaradır.