Aybaşı pozğunluqları

Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər. Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər buna səbəb isə pozulmuş hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji dəyişikliklərdir. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.

Aybaşının ləngiməsinin səbəbi kontraseptivlərin (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparatın qəbul edilməsi dövründə və ya onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Aybaşının olmaması göstərilən müddətlərdən artıq olarsa, bu zaman mütləq həkim-ginekoloqa müraciət etmək lazımdır.

Uzun müddətli zəif və orta dərəcəli streslər və ya qısamüddətli güclü streslər – yumurtalıqların və uşaqlığın fəaliyyətini tənzimləyən baş beyini qabığı və hipotalamusun fəaliyyətinin normal gedişinin pozulmasına da səbəb ola bilər. Qadın, ginekoloq tərəfindən tam şəkildə müayinə olunduqdan sonra tələbat olduğu halda digər mütəxəssislərin (nevropatoloq, endokrinoloq və s.) də müayinəsinə göndərilə bilər.

Aybaşının kəsilməsinin ən təbii səbəbi – hamiləlikdir.

Laktasiya da – aybaşının olmamasının təbii səbəblərindən biridir. Adətən, ana körpəsini yalnız əmizdirməklə qidalandırdığı zaman, prolaktin hormonu ovulyasiyanı dayandırır – və laktasion amenoreya  baş verir ki, bu da uşağın 1 yaşınadək və daha artıq müddət ərzində davam edir. Bəzi hallarda isə kifayət qədər laktasiyanın olduğu müddət ərzində qadınların aybaşı tsikli tez bir zamanda bərpa olunur. Ona görə də qadınlar bilməlidirlər ki, doğuşdan sonra aybaşının olmaması və uşağın normal əmizdirilməsi dövründə hamiləliyin baş verməməsinə 100% təminat vermək olmaz.

Beləliklə qadın özünün aybaşı tsiklinin müddətini bilməlidir. Aybaşı tsiklinin müntəzəm (requlyar) olmasına nəzarət etməlidir. lkin tsikl pozğunluqları baş verən kimi, tez bir zamanda həkimə müraciət etməlidir. Həkim-ginekoloq tərəfindən aparılan müayinələr, bir çox hallarda, təcili cərrahi müdaxilə tələb edilən halların (uşaqlıqdankənar hamiləlik, onkoloji – şiş xəstəlikləri və s.) vaxtında müəyyən edilməsinə imkan verir.