Klimaks və ya menopauza – orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir. Klimaksın başlaması üçün orta yaş 51 yaşdır. Əksər qadınlarda menopauza 45-55 yaş arası başlayır, lakin aybaşı 55-60 yaşdan sonra da kəsilə bilir. 40 yaşı tamam olmayan qadınlarda menopauza simptomları yarandıqda, erkən və ya vaxtından tez başlayan klimaksdan söhbətgedə bilər. Erkən menopauza 15 yaşdan 39 yaşadək istənilən yaşda inkişaf edə bilər. Erkən klimaksın ilk əlaməti hormonal tənzimləmənin pozulmasından irəli gələn qeyri-mütəmadi menstrual qanaxmalardır. Süni klimaks xarici təsirlərlə (bədxassəli xəstəliklərin kimya terapiyası və ya radioterapiyası, yumurtalıqların və uşaqlığın cərrahi yolla xaric edilməsi, yumurtalıqların fəaliyyətinə təzyiq göstərən dərmanlardan istifadə edilməsi) bağlı olaraq yumurtalıqların fəaliyyətinin dayanmasıdır.
Klimaksın ilk simptomları aşağıdakılardır:
- Qeyri-mütəmadi menstruasiya (aybaşı), gecikmələr
- Çoxlu miqdarda və uzunmüddətli mensturasiya (aybaşı)
- İstilik gəlmələri, sifətin qızarma halları, çox tərləmə
- Uşaqlıq yolunda quruluq və diskomfort
- Yuxusuzluq
- Əhval-ruhiyyənin tez-tez dəyişməsi, depressiya
- Səbəbsiz olaraq təşviş, narahatlıq hissinin keçirilməsi
- Arterial təzyiqin tez-tez dəyişməsi
Qadının həyatında klimaksdan bir neçə il əvvəlki və klimaksdan bir neçə il sonrakı dövr çox vaxt perimenopauza adlanır. Perimenopauza dövründə hamiləlik riski az da olsa qalır, buna görə də konrtasepsiyadan istifadə etməkdə davam edin.
İlk simptomlar yarandıqdan sonra klimaks nə vaxt başlayacaqdır?
Bunu da əvvəlcədən demək çətindir. Bəzi hallarda qadında istilik gəlmə halları klimaksın başlamasından 5-10 il əvvəl yaranır. Buna görə də hətta klimaksın ilk əlamətlərinin yaranması belə menstrurasiyanın (aybaşının) kəsilməsinin dəqiq tarixini müəyyən etməyə imkan vermir: bu, bir neçə ay və ya il ola bilər. Menopauzanın ilk əlamətlərinin yarandığı andan menstruasiyanın kəsilməsinə qədər nə qədər az vaxt keçsə, klimaksın simptomları da bir o qədər parlaq, ifadəli olar. Ardıcıl olaraq 12 ay müddətində menstruasiya (aybaşı) olmadıqda, klimaksın başladığını söyləmək olar.Menstruasiyanın il ərzində olmaması menopauzanın əsas və mütləq simptomudur. Bütün digər simptomlar – istilik hissinin gəlməsi, gecələr tərləmə, yuxusuzluq, əhval-ruhiyyənin tez-tez dəyişməsi, uşaqlıq yolunda quruluq da aybaşı kəsildikdən sonra müşahidə oluna bilir.
Klimaksla bağlı olan problemlər
Qanda estrogenin miqdarının azalması aşağıdakı xəstəliklərin və ya halların riskini yüksəldir:
- istilik hissinin gəlməsi, çoxlu miqdarda tərləmə
- sümüklərdə dəyişilmə və bununla əlaqədar sınıq riskinin artması
- ürək xəstəlikləri
- sidik saxlamama
- uşaqlıq yolunun və uşaqlığın enməsi və düşməsi
- uşaqlıq yolunda quruluq və diskomfort, seksual həyat sahəsində problemlərin meydana gəlməsi
- yuxusuzluq
- əhval-ruhiyyənin tez-tez dəyişməsi, depressiya
- üz və bədəndə tüklərin artması, səs tembrinin zəifləməsi
İstilik gəlmə klimaksın yaxınlaşdığını bildirən ən geniş yayılmış simptomdur. 45 yaşdan yuxarı əksər qadınlar bunu keçirir.
Osteoporoz və sınıqlar
Osteoporoz sümük toxumasında kalsium və zülalın (kollagenin) azlığından yaranan sümük əriməsidir. Osteoporoz yaşı 45-dən yuxarı olan qadınlarda sınıqların tez-tez rast gəlinən səbəbidir. Osteoporoz riski klimaks zamanı daha yüksək olur.
Ürək xəstəlikləri
50 yaşdan yuxarı hər ikinci qadın ürək-sinir xəstəliyinin bu və ya digər formasından əziyyət çəkir. Qanda estrogenin miqdarının aşağı olması ürək xəstəlikləri riskinin amillərindən biridir. Buna görə də erkən klimaks (40 yaşdan tez) qeydə alınan qadınlarda bu kimi problemlərin riski yüksək olur.
Uşaqlıq yolunun və uşaqlığın enməsi və düşməsi
Qanda estrogenin miqdarının azalması nəticəsində 45-50 yaşlı qadınlarda kiçik çanağın əzələləri boşala və daxili orqanları saxlayan bağlar dartıla bilir. Uşaqlıq yolunun, uşaqlığın enməsi və düşməsi uzun müddət simptomsuz keçə bilir, buna görə də daxili orqanların enməsini bildirən ilk əlamətləri vaxtında aşkarlamaq lazımdır.
Sidik saxlamama
Qeyri-ixtiyari olaraq sidik saxlamama ginekoloq və ya uroloqun qəbulunda, xüsusən də klimaks zamanı ən çox səslənən şikayətdir. Klimaks zamanı sidik saxlamama çox vaxt estrogenlərin yetərsizliyi və uşaqlıq yolunun ön divarının enməsi ilə bağlı olur. Əksər hallarda sidik saxlamamanı müalicə etmək mümkün olur.
Əhval-ruhiyyənin tez-tez dəyişməsi və depressiya
Menopauza dövrünü yaşayan bəzi qadınlar tez-tez qıcıqlandıqlarını, təmkinsiz, təşvişli, ağlağan olduqlarını qeyd edirlər. Bu, normaldır və qanda cinsi hormonların miqdarının azalması ilə bağlıdır.
Klimaksın müalicəsi
Ilk öncə qeyd edək ki, klimaks xəstəlik deyil və klimaksın özünü müalicə etmək lazım deyil. Buna baxmayaraq, qanda qadın hormonlarının miqdarının az olmasının nəticələri ciddi şəkildə tibbi nəzarət, hətta müalicə də tələb edə bilir.