Bir menstruasiyanın ilk günündən növbəti menstruasiyanın başlamasından öndəki günə qədər olan bir dövr menstrual tsikl (aybaşı dövrü) adlanır. Qadınlarda menstrual tsiklin müddəti müxtəlif olur. Əksər hallarda bu tsikl 26-28 gün olur. Bəzi hallarda onun müddəti 21 günə qədər azala və ya 38 günə qədər uzana bilər. Hər bir qadının öz menstrual tsiklinin müddətini bilməsi vacib hesab edilir.
Menstrual tsiklin müddəti süni uşaqsalma əməliyyatından sonra 3 ay müddətində, doğuşdan sonra 1 il müddətində və həmçinin 40 yaşından sonra qadın orqanizmi preklimaks (aybaşının kəsilməsindən öncəki) dövrünə hazırlaşarkən pozulmuş olur. Menstrual tsiklin müddəti heç bir səbəb olmadan bir neçə ay ərzində xeyli dəyişmiş olarsa, tez bir zamanda həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Çünki bir çox hallarda bu cür pozğunluq qadın cinsiyyət üzvlərinin müxtəlif (bəzən çox ağır) xəstəliklərinin əlaməti ola bilər.
Menstrual tsikl – hər bir tsikldə təkrarlanmaqla bir-birini əvəz edən bir neçə mərhələdən ibarətdir – yumurta hüceyrəsinin yetişməsi mərhələsi, ovulyasiya mərhələsi, mayalanma və ya mayalanma baş vermədikdə isə menstrual qanaxma (və ya menstruasiya) mərhələsi.
1-ci mərhələ. Yumurta hüceyrəsinin yetişməsi
Qadın yumurtalıqlarının qabıq qatında “yatmış” vəziyyətdə olan ilkin follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur. Aybaşı dövrünün (tsiklinin) 1-ci günündə hipofiz vəzidə FSH-follikulstimullaşdırıcı hormon ifraz olunmağa başlayır. FSH-nun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə ikisi və ya üçü) inkişaf etməyə başlayır. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. İki həftədən sonra isə onun diametri artıq 20 mm-ə çatır. Follikulun içərisində maye və xromosomlu nüvə yerləşmiş olur. Aybaşı dövrünün ortasında hipofiz vəzidə LH – lyüteyinləşdirici hormon ifraz olunmağa başlayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqdan xaric olması – ovulyasiya prosesi baş verir.
2-ci mərhələ. Ovulyasiya
“Ovulyasiya” sözü latın dilində olan ovum – yumurta sözündən götürülmüşdür. Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun ölçüsü get-gedə artdığı üçün yumurtalığın divarının dartılmasına səbəb olur. Aybaşı tsiklinin ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğu-na dağılır. Beləcə, ovulyasiya baş verir.
Ovulyasiyadan sonra yumurtalıqda olan dağılmış follikul boşluğu qan və əmələ gəlmış yeni xüsusi hüceyrələrlə birlikdə yeni endokrin vəzi olan sarı cismi əmələ gətirir. Sarı cismin bu adı onun içərisində olan sarı rəngli lyutein piqmentinə (luteus – latın dilində “sarı” deməkdir) görə verilmişdir. Yeni əmələ gələn sarı cisim progesteron (hamiləlik hormonu) adlı hormon ifraz etməyə başlayır. Progesteron hormonunun təsiri altında uşaqlıq və onun daxili qatı (endometrium) mayalanma baş verərsə yaranmış embrionu qəbul etməyə hazırlaşır. Əgər hamiləlik baş verərsə, progesteron hormonu hamiləliyin saxlanmasını qoruyur. Sarı cisim 10-14 gün ərzində mövcud olur və hamiləlik baş vermədiyi halda məhv olur. Hamiləlik baş verdikdə isə sarı cisim inkişaf edərək öz həcmini artıraraq hamiləliyin qorunması üçün xeyli miqdarda progesteron hormonu hazırlamağa başlayır.
3-cü mərhələ. Mayalanma
Kişi və qadın cinsi hüceyrələrinin (spermatozoid və yumurta hüceyrəsi) birləşməsi nəticəsində yeni orqanizmin yaranması prosesi başlayır.
Menstruasiya
Yuxarıda qeyd etdiyimiz kimi ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan “sarı cisim” əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalandırılması üçün burada münbit şərait yaranmış olur.
Ovulyasiyadan 10-14 gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cisim tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prosesi də dayanmış olur. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təchiz olunmur ki, bunun da nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.
Beləliklə, hər menstruasiyanın sonunda uşaqlığın içərisində bir əl səthi qədər açıq yara sahəsi əmələ gəlir. Bundan sonra bu sahə təbii yolla bərpa olunaraq digər menstruasiyaya qədər yenidən inkişaf etməyə başlayır.
Normal halda menstruasiya zamanı qanaxma 3-7 gün davam edir. Bu zaman qadın orta hesabla 50-100 qram həcmində qan itirir. Menstruasiya dövrü 3 gündən az, 7 gündən çox davam etmiş olarsa, bu zaman baş verən qanaxma çox az və ya həddindən artıq çox olarsa, tez bir zaman ərzində həkim-ginekoloqa müraciət etmək tövsiyə edilir.
Menstruasiya zamanı ifraz olunan qan öz görünüşünə görə nisbətən daha tünd olur. Bu qan həmçinin tərkibinə görə, qan damarlarında dövr edən qan kütləsindən də fərqli olur.
Menstrual (aybaşı) tsikl zamanı qadın orqanizminin hormonal fonunda olan dəyişiklik ancaq cinsi sistemdə deyil, qadının digər orqan və sistemlərində də baş verir. Bəzi qadınlarda menstruasiya zamanı ürəkbulanma, ümumi zəiflik, baş gicəllən-məsi, əsəbilik, süd vəzilərinin bir qədər bərkləşməsi və ağrılı olması baş verir. Bu zaman həmçinin, qan dövranı sistemində, arterial təzyiq göstəricilərində, tər ifraz edilməsində, həzm sisteminin bir sıra funksiyalarında da müxtəlif dəyişikliklər baş verir. Aybaşı günlərində vegetativ sinir sistemi də daha tez qıcıqlanma dərəcəsində olub, digər günlərə nisbətən daha gec sakitləşmiş olur.