Öd həzm proseslərində iştirak edir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm prosesinin aktiv dövründə öd kisəsi ödü maksimal həcmdə onikibarmaq bağırsağa ifraz edir. İnsan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.
Əlamətləri:
Öd kisəsində yaranmış olan daşların bir hissəsi heç bir əlamət vermir. Əlamət verənlərdə ən mühüm işarə isə ağrıdır. Ağrı qarının sağ üst tərəfində, adətən şiddətli bir şəkildə bir neçə saat davam edir. Bəzən belə ağrı sağ çiyinə də vurur. Adətən ani başlayır. Yeməklərlə əlaqəsi vardır və tez-tez yemək yedikdən sonra ortaya çıxır. Tez-tez ürək bulanması və qusma olur. Ağrı 24 saatı ötərsə tıxanmanın daimi olduğunu düşünmək lazımdır. Keçməyən ağrı, daşın öd kisəsinin giriş kanalını bağladığı anlamına gələ bilər. Daş, öd kisəsi kanalını tutarsa o zaman kəskin xolesistit xəstəliyi ortaya çıxır. Bu xəstələr adətən keçici ağrıları olan xəstələrdir. Bu halda; Qarının sağ üst tərəfində, orta ya da daha şiddətli bir ağrı olur. Bu ağrı müayinələrdə də özünü birüzə verir. Bəzən ağrıdan əlavə xəstənin az temperaturası, iştahsızlığı,mədə bulanması və qusması olur.Xəstə hərəkət etdikcə ağrı artır və zaman içərisində şiddətlənir.
Öd kisəsinin ləğvi öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv – laparoskopik ya da açiq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir.
Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər:
- Öd kisəsinin iltihabı
- Öd daşı xəstəliyi
- Öd kisəsinin iltihabı və Öd daşı xəstəliyi zamanı öd yollarının tıxanması nənicəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü biruzə verir.
Laparatomik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaaltı nahiyədə (sağ qarınüstü nahiyədə) təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu yarılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. Öd axacağı və öd arteriyası mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, drinaj qoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır.
Laparaskopu qarın boşluğuna daxil etmək üçün göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsik aparılır. Əlavə olaraq döş sümüyünün altından bir və sağ qabırğaaltı nahiyədən isə daha bir kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir. Laparaskopik alətlərin köməyi ilə öd axacağı və öd arteriyası mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın qaynaq üsulu ilə hemostazı aparılır. Preparat müvafiq laparoskopik kəsiyin bir qədər genişləndirilməsindən sonra (öd kisəsi dolu olduqda müvafiq punksion iynə vasitəsilə boşaldıldıqdan sonra xaric edilir) qarın boşluğundan xaric edilir. Kəsik toxumalar qat-qat tikilərək bağlanır. Çox vaxt dəri xüsusi tibbi yapışqan vasitəsilə yapışdırılır.