Orqanizmdə baş verən biokimyəvi reaksiyalarda yaranan zərərli maddələrin bədəndən atılması, lazımlı maddələin qana verilməsi böyrəklər tərəfindən həyata keçirilir. Sidikdə həll olmayan və atıla bilməyən kristalların birləşməsiylə daş əmələ gəlir. Ən çox 30-60 yaş arasında və kişilərdə qadınlara nisbətlə 3 dəfə artıq görülür. Genetik faktorlar, iqlim, qidalanma vərdişi, gündəlik maye qəbulu, bəzi dərman preparatlarının və bəzi xəstəliklərin daş yaranmasında təsiri olduğu müəyyənləşdirilmişdir.
Sidik axarında olan daşların demək olar ki hamısı böyrəklərdən düşmüş böyrək daşlarıdır. Daşların yarısından çoxu sidik axarının son 1/3 hissəsində yerləşirlər. Sidik axarı daşlarının əsas əlamətləri şiddətli ağrı və hematuriyadır. Ağrı, sidik axarı içində daşın hərəkəti səbəbilə yaranan spazma bağlıdır. Həmçinin hərəkət zamanı sidik axarının daşla zədələnməsi qanama və qanlı sidik əlamətiylə nəticələnir. Bəzi xəstələrdə daş sidik axarını tamamilə tutur və anuriya adlanan-sidiyin çıxarılmasını mümkünsüz edir.
Anuriya 3 formada olur.
- Xəstə tək böyrəkli olduqda
- Xəstənin hər iki sidik axarı daşla tutulduqda
- Bir axarın tutulmasına bağlı olaraq digər sidik axarının da refleks olaraq spazmı və tutulması
Ən çox Kalsium daşları (okslat və ya fosfat ) və daha az infeksiyali daşlar, urat və sistin daşları görülür. Sidik axarı daşlarında ağrı, ürəkbulanma, qusma kimi şikayətlər ola bilir. Üst sidik axarı daşlarında ağrı yan tərəfdə olub, belə və qasıq bölgəsinə yayılır. Alt sidik axarı daşlarında ağrı bel və qasıq bölgəsi, xayalara vura bilir. Bununla yanaşı sidik ifrazı zamanı yanma, tez-tez sidiyə getmə hissi ola bilir.
Daş yaranmaya səbəb olan aşağıdakı risk faktorları vardır:
- Sidik yolu infeksiyaları
- Böyrəkdəki anadangəlmə anomaliylar
- Böyrək xəstəlikləri olanlar
- Qidalanma vərdişi
- Normadan az maye qəbulu
- İsti iqlim qurşağı
- Bəzi dərman preparatları
- Bəzi bağırsaq xəstəlikləri
- Genetik faktorlar
- Keçirilmiş bağırsaq əməliyyatları
- Metabolik xəstəliklər