Stomatit

Stomatit kifayət qədər çox rastlanan ağız boşluğunun selikli qişasının iltihabıdır. Stomatit bütün yaş qruplarında rast gəlinən bir prosesdir. Stomatit xəstəliyini qlossit (dilin iltihabı), xeylit ( dodaqların iltihabı), palatinit ( damağın iltihabı) kimi xəstəliklərlə qarışdırmaq lazım deyil. Stomatitin inkişafına daxili orqanların xroniki iltihabının kəskinləşməsi, sinir sisteminin xəstəlikləri, maddələr mübadiləsinin pozulması, vitamin çatışmazlığı, daxili sekresiya vəzilərinin funksiyasının pozulması səbəb olur. Stomatitlər müxtəlif formalarda olmalarına baxmayaraq, onların ümumi əlamətləri vardır: selikli qişanın qızarması, ətraf toxumanın şişi, çənəaltı limfa düyünlərinin böyüməsi və s.