Beyin sinirləri arasında ən çox üz sinirinin nevritinə təsadüf olunur. Ola bilsin ki, bu vəziyyət sinirin anatomik yerləşməsi ilə əlaqədardır. Bildiyimiz kimi, sinirin son şaxələri üz nahiyəsində çox səthi yerləşməklə orta qulağa yaxınlaşdıqca dar sümük kanalından keçir. Odur ki, travmatik təsirlər, ödem sinirin dar kanalda sıxılmasına şərait yaradır.
Üz sinirinin iltihabı çox zaman infeksiya və soyuqdəymədən sonra başlayır. Bəzən orta qulaq xəstəlikləri (otoken- nevrit), kəllə travmaları və s. bu xəstəliyə səbəb ola bilər. Üz sinirinin pozğunluğu bəzən digər xəstəliklərdə bir simptom kimi meydana çıxa bilər. Məsələn, körpü-beyincik bucağı şişində, bazilyar meningitdə, mastoiditdə operasiya nəticəsində, qulaqaltı vəzidə operasiya etdikdə və s. təsadüf olunur. Nəhayət, üz sinirinin nevriti ümumi infeksiyalar nəticəsində də (qrip, angina, tif, sifilis, herpes zoster, diftteriya və s.) baş verə bilər.
Üz sinirinin nevriti kəsgin və yarımkəsgin şəkildə başlaya bilər. İltihaba düçar olmuş sinir tərəfdə üzün mimiki əzələlərinin iflici, yaxud parezi baş verir. Nəticədə alın qırışları hamarlaşır, müvafiq tərəfdə göz yarığı kenişlənir, burun-dodaq qırışı hamarlaşır iflic tərəfdə ağız bucağı aşağı sallanır, xəstə dişlərini göstərdikdə ağız sağlam tərəfə əyilir. Ağızın dairəvi əzəsələsinin iflici nəticəsində xəstə dodağını büzüb fit çala bilmir, yanan şamı, yaxud kibriti üfürüb söndürə blmir. Ağzına hava doldurduqda ordu xəstə tərəfdə çox körpür. Qida çeynədikdə tez- tez ordunu dişləyir. Qidanın sulu hissəsi ağız bucağından axır.
Xəstə qaşlarını üzünün iflic vurmuş tərəfində tərpədə bilmir, onun alın qırışları hamarlaşır, o göz qapağını yuma bilmir: buna «dovşangözlülük» deyilir. Gözünü yummağa çalışdıqda göz alması yuxarı və bir qədər də kənara çəkilir (Bella simptomu). Göz açıq qaldığı üçün qıçıqlanma nəticəsində yaş axır, yaxud da tamamilə quruduğu üçün onda keratit başlayır. Bəzən müvafiq tərəfdə dilin ön üçdə iki hissəsində dad hissiyyatı itir: bəzən də səseşitmə qabiliyyəti artır (hiperakuziya).
Üz siniri iltihabının klinik əlamətlərinin müxtəlifliyi onun hansı hissədə pozulmasından asılıdır.